Rus diplomat bildirir ki, gələcək sülh sazişi Ukraynanın təhlükəsizliyi üçün etibarlı zəmanətləri təmin etməlidir, lakin Rusiya da analoji zəmanətlər almalıdır
Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlarda daimi nümayəndəsi Mixail Ulyanov bildirir ki, gələcək sülh sazişi Ukraynanın təhlükəsizliyi üçün etibarlı zəmanətləri təmin etməlidir, lakin Rusiya da analoji zəmanətlər almalıdır.
“Qərb nə təklif edə bilər? Görünür, onlar hələ bu barədə düşünməyə başlamayıblar. Bu, düzəldilməli olan səhvdir. Danışıqlar zamanı Rusiya bu məsələyə kömək edəcək” – rus diplomat bildirib.
Bununla yanaşı, Ulyanov qeyd edir ki, Rusiyanın təhlükəsizlik zəmanətləri 1990-cı ilin “NATO şərqə doğru genişlənməyəcək” vədlərindən qat-qat etibarlı olmalıdır.
Məlumat üçün bildirək ki, bundan əvvəl ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof bəyan etmişdi ki, Ukraynanın NATO-ya daxil olması Rusiya Prezidenti üçün qırmızı xəttdir, lakin Uitkofun dediyi kimi, ABŞ Ukraynaya NATO-nun 5-ci maddəsinə oxşar təminatlar təklif edə bilər. Söhbət Şimali Atlantika Müqaviləsi Təşkilatının 5-ci maddəsindən gedir və ona əsasən NATO-nun bir üzvünə hücum alyansa hücum deməkdir. Uitkof həmçinin bildirib ki, Rusiya Ukraynanın digər hissələrinin güc yolu ilə ələ keçirilməsini qadağan edən qanun qəbul etməyə hazırdır.