Rumıniyanın Konstitusiya Məhkəməsi Kalin Corceskunun təkrar prezident seçkilərində iştirakına qadağa qoyulması ilə bağlı şikayətini təmin etməyib

22:42, 11.03.2025

 
Rumıniyanın Konstitusiya Məhkəməsi Kalin Corceskunun təkrar prezident seçkilərində iştirakına qadağa qoyulması ilə bağlı şikayətini təmin etməyib. Müvafiq olaraq, Corcesku may ayına planlaşdırılan prezident seçkilərində iştirak edə bilməyəcək.

Rumıniyanın Konstitusiya Məhkəməsi Mərkəzi Seçki Komissiyasının Kalin Corceskunun may ayına planlaşdırılan seçkilərdə iştirakını qadağan edən qərarının ləğvi ilə bağlı 12 şikayətə baxıb və heç birini təmin etməyib.

Martın 9-da Rumıniyanın Mərkəzi Seçki Bürosu Kalin Corceskunu təkrar prezident seçkilərində namizəd kimi qeydə almaqdan imtina edib. Kalin Corcesku bu qərarı demokratiyaya birbaşa zərbə hesab edib və qərardan Konstitusiya Məhkəməsinə şikayər edib.

Rumıniyada siyasi vəziyyət 2024-cü ilin noyabr ayının sonunda hamı üçün gözlənilmədən prezident seçkilərinin birinci turunda ifrat sağçı namizəd Kalin Corcesku 22% səslə birinci yerə çıxdıqda gərginləşdi. Lakin, Rumıniyanın Konstitusiya Məhkəməsi ikinci tura iki gün qalmış, dekabrın 6-da prezident seçkilərinin birinci turunun nəticələrini ləğv edib. Konstitusiya Məhkəməsinin hakimləri bildiriblər ki, nəticənin ləğvi barədə qərar Rusiyanın seçkinin birinci turuna təsirini təsdiqləyən kəşfiyyat sənədlərinə əsaslanır.

Rumıniyada təkrar prezident seçkiləri mayın 4-nə təyin edilib, namizədlərin qeydiyyat vaxtı martın 15-də başa çatır.

Oxşar