Rumıniyada prezident seçkilərinin ikinci turu keçirilir. İkinci turda ifrat sağçı qanadın lideri Corce Simion iştirak edir – o, birinci turda səslərin 40.94%-ni toplayaraq birinci yeri tutmuşdu. Onun rəqibi isə müstəqil namizəd, hazırda Buxarestin meri olan Nikuşor Danıdır; birinci turda seçicilərin 20.99%-i ona səs vermişdi.
Seçki məntəqələri ölkədə yerli vaxtla saat 07:00-da açılıb və saat 21:00-da bağlanacaq. Eyni zamanda, xaricdə yaşayan rumınlar artıq cümə günündən səsvermə hüququndan istifadə edə bilirlər.
Prezident seçkilərinin ikinci turundan bir neçə gün əvvəl keçirilmiş sorğular göstərdi ki, namizədlərin təxminən eyni səviyyədə dəstəyi var. Lakin qeyd edilməlidir ki, bu sorğular diasporanın səslərini nəzərə almırdı. Yerli ekspertlər bildirirlər ki, prezident seçkilərinin nəticəsi seçicilərin fəallığından və xaricdə yaşayan rumınların səslərindən asılı olacaq.
Xatırladaq ki, Rumıniyada prezident seçkiləri 2024-cü ilin noyabrında da keçirilmişdi. Həmin vaxt seçkilərdə müstəqil sağçı namizəd Kalin Corcesku qalib gəlmişdi. Lakin Rumıniya Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini ləğv etdi. Konstitusiya Məhkəməsinin hakimləri bu qərarın birinci turda Rusiyanın təsirini sübut edən kəşfiyyat sənədlərinə əsasən qəbul edildiyini bildirdilər.