Rumıniyada dövlət çevrilişi cəhdi işində 101 yaşlı general Radu Teodorunun adı keçir
Rumıniyada dövlət çevrilişi cəhdi işində 101 yaşlı istefada olan hərbi qulluqçu, general Radu Teodorunun adı keçir. Bu haqda məlumatı “Financial Times” yayır.
Yayılmış məlumata əsasən, müstəntiqlər Radu Teodorunun evində artıq olublar, lakin o, saxlanılmış şəxslər arasında deyil.
Medianın yazdığı kimi, istefada olan general-mayor Radu Rumıniyada qatı antisemitizmi ilə tanınır.
Prokurorluq dövlət çevrilişi məqsədi ilə yaradılmış sui-qəsdçilər qruplaşmasının hüquqi təşkilat kimi yaradıldığını və hərbi tipli struktura malik olduğunu açıqlayıb. Rumıniya prokurorluğunda bu qruplaşmanın üzvü olan 6 nəfərin saxlanıldığını bildirirlər. Onların məqsədi Rumıniyanın suverenliyini və müstəqilliyini pozmaq və ölkənin müdafiə qabiliyyətinə təsir etmək olub.
Qurum tərəfindən yayılmış məlumata əsasən, 2023-cü ildə yaradılan qruplaşmanın üzvləri hakimiyyətə yeni hökuməti gətirməyi, mövcud konstitusiya quruluşunu məhv etməyi, Rumıniyanın dövlət bayrağını, himnini və adını dəyişdirməyi planlaşdırıblar.