Rumıniya prezidentinin açıqlamasına görə, Rumıniyaya məxsus F-16 qırıcısı ölkənin hava məkanına daxil olan dronu ilk dəfə vuraraq məhv edib. Hazırda mütəxəssislər insidentin bütün təfərrüatlarını müəyyənləşdirmək üçün ərazini araşdırırlar
Rumıniyaya məxsus F-16 qırıcısı ölkənin hava məkanına daxil olan dronu ilk dəfə vuraraq məhv edib. Hadisə iyulun 24-də baş verib. Bu barədə Rumıniya Prezidenti Nikuşor Dan sosial şəbəkədə məlumat yayıb.
Rumıniya prezidentinin sözlərinə görə, insident yaşayış olmayan ərazidə baş verib və buna görə pilot heç bir risk olmadan atəş açmaq imkanına malik olub.
“Hazırda aidiyyəti qurumların mütəxəssislərindən ibarət qruplar insidentin bütün təfərrüatlarını müəyyənləşdirmək üçün ərazini araşdırırlar”, – deyə Nikuşor Dan bildirib.
Qeyd edək ki, bundan əvvəl, mayın 29-da Rusiyanın Ukraynaya hücumu zamanı dron Rumıniyanın Qalaç şəhərində 10 mərtəbəli yaşayış binasına çırpılmışdı. Nəticədə iki nəfər xəstəxanaya yerləşdirilmiş, 70 nəfər isə təxliyə olunmuşdu.