Rumıniya Konstansa sahili yaxınlığında dəniz dronunu məhv edib

18:00, 20.08.2026

 

Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi Qara dənizdə, Konstansa sahili yaxınlığında dəniz dronunu məhv edib. Bu barədə məlumatı Rumıniya Müdafiə Nazirliyi yayıb.

Nazirliyin məlumatına əsasən, ölkənin xüsusi iqtisadi zonasında, “Neptun Alfa” platformasının yaxınlığında Konstansa şəhərindən təxminən 80 dəniz mili aralıda kiçikölçülü dəniz dronu aşkar edildikdən sonra Rumıniyanın iki F-16 təyyarəsi təcili havaya qaldırılıb. Təyyarələrdən biri atəş açıb, nəticədə dron məhv edilib.

Rumıniya müdafiə nazirinin vəzifələrini icra edən Radu Mirutse dronun Ukraynaya məxsus olmadığını deyib. Onun sözlərinə əsasən, insidentlə bağlı Rumıniya Müdafiə Nazirliyində NATO-ya müraciət edərək əməliyyatın idarəedilməsinin Rumıniya Silahlı Qüvvələrinə həvalə edilməsini tələb edən operativ qrup yaradılıb.

Mirutsenin bəyanatına əsasən, prezidentlə razılaşmadan sonra “Neptun Alfa” platformasında çalışan yüzlərlə insanın həyatını və kritik infrastrukturu qorumaq məqsədilə dronun məhv edilməsi barədə qərar qəbul olunub.

Müdafiə nazirinin vəzifələrinin icraçısı bildirib ki, Ukrayna tərəfi ilə yaradılmış rabitə kanalı vasitəsilə Rumıniya dronun Ukraynaya məxsus olmadığına dair rəsmi təsdiq alıb.

Rumıniya Prezidenti Nikuşor Dan insidentdən sonra Rusiya Federasiyasını “Məsuliyyətsiz insidentlərin” sayının artmasında günahlandırıb.

“Rusiya Federasiyası tərəfindən bu cür məsuliyyətsiz insidentlərin tez-tez təkrar olunmasını qətiyyətlə pisləyirəm. Özümüzü qorumaq və bu kimi təxribatların qarşısını almaq üçün NATO-lu müttəfiqlərimizlə birlikdə ayıq-sayıqıq” – Dan bildirib.

Oxşar