Rothschild & Co Gürcüstanı çoxfunksiyalı regional mərkəzə çevirmək üçün ilkin strategiya sənədini təqdim edir

16:28, 20.04.2022

Dünyanın ən böyük maliyyə qruplarından biri olan Rothschild & Co-nun üzərində işlədiyi Gürcüstanı çoxfunksiyalı regional mərkəzə çevirmək üçün ilkin strategiya sənədi hazırdır. Sənədin işçi variantını şirkətin icraçı direktoru Ariel Mallard de Rotşild bu gün Gürcüstanın baş naziri İrakli Ğaribaşviliyə təqdim edib.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, strategiyaya Gürcüstanın çoxfunksiyalı regional mərkəzə çevrilməsinə kömək edəcək konkret layihələr və addımlar daxildir. Strategiyanın əsas prioritetləri birbaşa xarici investisiyaların cəlb edilməsi, yeni iş yerlərinin yaradılması, müasir maliyyə və texnoloji innovasiyaların tətbiqi, ölkədə güclü maliyyə mərkəzlərinin inkişafına kömək etmək və kapital bazarının inkişafıdır.

Baş nazir Gürcüstan hökumətinin Strategiyada nəzərdə tutulan layihələri ən qısa müddətdə və səmərəli şəkildə həyata keçirməyə tam hazır olduğunu bir daha təsdiqləyib. Görüşdə Rothschild & Co şirkətinin nümayəndələri Pier Adelin və Ella Tred, KAISER PARTNER şirkətinin baş direktoru Stefan Lininqer və KAISER PARTNER şirkətinin nümayəndəsi Tila Caveng iştirak ediblər.

“Rothschild & Co” şirkəti ilə Gürcüstan hökuməti arasında Gürcüstanın çoxfunksiyalı regional mərkəzə çevrilməsi strategiyasının hazırlanmasına dair saziş İrakli Qaribaşvilinin Brüsselə səfəri zamanı imzalanıb.

Məlumatı baş nazirin mətbuat xidməti yayıb.

Oxşar