Romeo Mikautadze iddia sövdələşməsi tələbi ilə prokurorluğa müraciət edib, prokurorluqda isə izah edirlər ki, Mikautadze günahını etiraf etmir və bu halda iddia sövdələşməsi bağlanmayacaq
İqtisadiyyat və dayanıqlı inkişaf nazirinin sabiq müavini Romeo Mikautadze iddia sövdələşməsi bağlanması tələbi ilə prokurorluğa müraciət edib.
Bugünkü məhkəmə prosesində müdafiə tərəfi yekun nitqlə çıxış edib. Həmçinin, Romeo Mikautadzenin özü də çıxış etmək fürsətindən istifadə edib. Mikautadzenin dediyi kimi, müdafiə tərəfi artıq bir həftədir iddia sövdələşməsinin bağlanması ilə əlaqədar istintaq orqanından cavab gözləyir.
“Bir həftə əvvəl iddia sövdələşməsi üçün prokurorluğa müraciət etdim. Bu, mənim və ailəmin birgə qərarıdır. Mövcud olmayan cinayəti etiraf etməyə və böyük məbləğdə pul ilə zərəri ödəməyə hazıram. Bu vaxta qədər isə yalnız birtərəfli gözləmə vəziyyətindəyəm. Doqquz ay ərzində prokurorluq deyirdi ki, bizə müraciət etsin, indi buyurun, müraciət etdim” – Mikautadze bildirib.
Prokuror İrakli Marşania qeyd olunmuş məsələ ilə bağlı mediaya şərh verib. Onun sözlərinə əsasən, hazırda iddia sövdələşməsi üzrə heç bir danışıqlar aparılmır, çünki iddia sövdələşməsinin bağlanması üçün əsas şərt günahın etirafı və zərərin ödənilməsidir. Prokurorun sözlərinə görə, bu şərtlərə bu vaxtadək əməl olunmayıb.
“Romeo Mikautadze bütün proses boyunca, dörd saat ərzində günahkar olmadığını deyirdi. Sonda əlavə etdi ki, mən günahkar deyiləm, amma yenə də müraciət təqdim etdim. Bu, etiraf deyil. Bu halda iddia sövdələşməsi bağlanmır. İnsan cinayəti etiraf etməlidir” – prokuror İrakli Marşania bildirib.
İqtisadiyyat və dayanıqlı inkişaf nazirinin sabiq müavini Romeo Mikautadzenin növbəti məhkəmə prosesi martın 16-da keçiriləcək və hakim Nino Qalustaşvili hökmü elan edəcək.
İqtisadiyyat və dayanıqlı inkişaf nazirinin sabiq müavini Romeo Mikautadze vəzifə səlahiyyətindən sui-istifadə və qanunsuz gəlirin leqallaşdırılması faktlarında ittiham olunub, bu da 12 ilə qədər həbs cəzasını nəzərdə tutur. İstintaqa əsasən, Romeo Mikautadze müxtəlif qurumlarda yüksək vəzifələr tutub və vəzifə səlahiyyətindən sistematik şəkildə sui-istifadə edib və bu da olduqca böyük miqdarda gəlir əldə etməklə müşayiət olunub.