Roma Papası XIV Leo - Həbs edilmiş jurnalistlərin əzabı millətlərin vicdanı, beynəlxalq ictimaiyyət üçün çağırışdır və bizi söz və mətbuat azadlığı kimi dəyərli hədiyyəni qorumağa çağırır
Roma Papası XIV Leo həbs edilmiş jurnalistlərin azad edilməsi çağırışı ilə çıxış edib – bu barədə o, Vatikanda jurnalistlərlə görüşü zamanı danışıb.
“Bu həbs edilmiş jurnalistlərin əzabı millətlərin vicdanı və beynəlxalq ictimaiyyət üçün çağırışdır və bizi söz və mətbuat azadlığı kimi dəyərli hədiyyəni qorumağa çağırır” – Roma Papası bildirib.
Jurnalistlərin Müdafiəsi Komitəsinin məlumatına əsasən, ötən ilin sonuna olan göstəricilərə görə dünyada 361 jurnalist həbs edilib.
Həmçinin, Roma Papası münaqişənin aradan qaldırılmasının zəruriliyindən danışıb.
“Sülh hər birimizdən başlayır: başqalarına necə baxdığımızdan, başqalarını necə dinlədiyimizdən və başqaları haqqında necə danışdığımızdan. Bu baxımdan, ünsiyyətimizin forması fundamental əhəmiyyət daşıyır. Biz sözlərin müharibəsinə “yox” deməliyik” – XIV Leo deyib.
Həmçinin, pontifik media ilə görüşündə süni intellekt məsələsindən danışıb və qeyd edib ki, ondan istifadə məsuliyyətli olmalıdır.