Roma Papası Leo XIV Milad gecə ayinini (gecəyarısı messasını) ilk dəfə icra edib.
Müqəddəs Pyotr Bazilikasında katolik dini ayini Vatikan vaxtı ilə axşam saat 22:00-da başlayıb.
Milad səhnəsinə doğru hərəkət edən Roma Papasını Cənubi Koreya, Hindistan, Mozambik, Paraqvay, Polşa və Ukraynadan olan on uşaq müşayiət edib. Onlar Milad səhnəsini güllərlə bəzəyiblər.
Bayram ayinində yüzlərlə insan iştirak edib. Dini mərasimdə ruhanilər də olub.
Katolik ayinindən əvvəl Roma Papası Leo XIV Müqəddəs Pyotr meydanına gələrək, bazilikaya daxil ola bilməyən və Milad ayinində iştirak edə bilməyən möminləri xeyir-dua ilə mübarək edib.
“Müqəddəs Pyotr Bazilikası çox böyükdür, lakin təəssüf ki, hamınızı qəbul etmək üçün kifayət deyil. Bu axşam burada olmağa göstərdiyiniz istəyinizə görə sizə heyranam, sizə hörmət edir və təşəkkür edirəm. Biz Miladı birlikdə qeyd etmək istəyirik. Bizim üçün doğulan İsa Məsih bizə sülh və Allahın sevgisini bəxş edir. Hamınıza ən xoş arzularımı çatdırıram. Allah sizi və ailələrinizin hər birini qorusun”, – deyə Roma Papası zəvvarlara müraciət edib.
Sabah, 25 dekabr tarixində Vatikan vaxtı ilə səhər saat 10:00-da Roma Papası Leo XIV gündüz messasını icra edəcək. Bu ayin məhz onun tərəfindən bərpa edilib. Milad günü messasını Leo XIV-dən əvvəlki papalar – Papa Fransisk və Papa Benedikt XVI heç vaxt icra etməyiblər. Sonuncu dəfə bu ayin 25 dekabr 1994-cü ildə Papa İoann Pavel II tərəfindən icra edilib.
Günorta saatlarında pontifik Müqəddəs Pyotr Bazilikasının eyvanından ənənəvi Milad müraciətini oxuyacaq və katolik möminlərini Milad bayramı münasibətilə müxtəlif dillərdə təbrik edəcək.