Robin Danniqan ABŞ səfiri vəzifəsini tərk edir - Təqaüdə çıxmaq barədə şəxsi qərar qəbul etdim, hökumətim geri çağırılmağımı tələb etməyib
Robin Danniqan ABŞ-nin Gürcüstandakı səfiri vəzifəsini tərk edir. Bu barədə ABŞ səfirliyinin yaydığı bəyanatda deyilir.
“Diplomat kimi, otuz üç il ərzində ABŞ-ni təmsil etdikdən sonra təqaüdə çıxmaq barədə şəxsi qərar qəbul etdim. Gürcüstanda ABŞ-nin səfiri olmaq karyeramın ən böyük şərəfi və imtiyazıdır. Mən Amerika hökumətinin həm Vaşinqtonda, həm də burada, Tbilisidə, ABŞ səfirliyindəki möhtəşəm komandasının ölkələrimiz və xalqlarımız arasında tərəfdaşlığı gücləndirmək naminə gördüyü o mühüm işlə daim qürur duyacağam.
Bu tamamilə şəxsi qərardır. Hökumətim geri çağırılmağımı tələb etməyib.
Mən və ailəm gürcü xalqının heyrətamiz mehribanlığını və səmimiyyətini yaşaya bildiyimiz üçün xoşbəxtik. Bu inanılmaz gözəl ölkənin hansı guşəsinə səfər etməyimizdən asılı olmayaraq, hər yerdə misilsiz gürcü qonaqpərvərliyi ilə bizi qarşılayırdılar. Biz hər bir gürcünün qəlbinə, ruhuna və entuziazmına valeh olmuşuq. Bu gün, hər zamankından daha çox əminəm ki, amerikalılarla gürcüləri birləşdirən əsas dəyərlər xüsusi tərəfdaşlığımızın və dostluğumuzun davamını təmin edəcək. Mən iyulda Gürcüstanı tərk edənə qədər, aramızdakı əlaqələrin möhkəmləndirilməsi üçün yorulmadan çalışmağa davam edəcəyəm” – Danniqanın bəyanatında qeyd olunub.