Robert Fitso Antoniu Koşta və Ursula fon der Laienə məktubla müraciət edir – Zelenskinin rus qazının tranzitini dayandırmaq haqda qərarına səssiz qalmaq yanlış və irrasionaldır
Slovakiyanın Baş naziri Robert Fitso Avropa Şurasının Prezidenti Antoniu Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Laienə məktubla müraciət edir. Robert Fitso Ukrayna tərəfindən rus qazının Slovakiyaya tranzitinin dayandırılmasından narazılığını bildirir.
Fitso sözügedən məktubu sosial şəbəkədə dərc edib.
Slovakiyanın Baş naziri Avropa İttifaqı liderlərinə yazır ki, Ukraynanın Prezidenti Volodimir Zelenskinin birtərəfli qərarına səssiz qalmaq yanlış və irrasionaldır, eləcə də bu hərəkət gərginliyə və cavab tədbirlərinə gətirib çıxaracaq.
Fitsonun məktubda qeyd etdiyi kimi, “Ukraynadan keçməklə qaz tranzitinin dayandırılmasının iqtisadi nəticələri ümumiyyətlə peşəkar şəkildə təhlil edilməyib və hər şey yalnız ideoloji baxımdan qiymətləndirilib, lakin bu təhlil aparılıbsa, üzv dövlətlərlə açıq şəkildə müzakirə edilməyib”.
Fitso qaz tranzitinin dayandırılmasının Rusiyadan daha çox Avropa İttifaqına zərər verəcəyini bildirib.
Həmçinin, Slovakiyanın Baş naziri Avropa İttifaqının liderlərini bu “görünməmiş vəziyyətə lazımi diqqət yetirməyə və ona təcili əhəmiyyət verməyə” çağırıb.