Robert Fico Friedrich Merzın Ukraynaya Avropa İttifaqının “assosiativ üzvlük” statusunun verilməsi ilə bağlı təklifini qəbul etmir – Bu gün belə addımlar üçün uyğun atmosfer mövcud deyil
Robert Fico Friedrich Merzın Ukraynaya Avropa İttifaqının “assosiativ üzvlük” statusunun verilməsi ilə bağlı təklifini qəbul etmir – Bu gün belə addımlar üçün uyğun atmosfer mövcud deyil

Robert Fico Almaniya kansleri Friedrich Merzın Ukraynaya Avropa İttifaqının “assosiativ üzvlük” statusunun verilməsi ilə bağlı təklifini tənqid edib.

Slovakiya baş nazirinin sözlərinə görə, o, Friedrich Merz tərəfindən Avropa Komissiyasına göndərilən məktubu oxumayıb, lakin əmindir ki, bu ideya Aİ üzvləri arasında kifayət qədər dəstək qazanmayacaq.

“Ya biz kimisə Aİ-yə qəbul edirik, ya da etmirik. Bu gün Aİ-də belə addımlar üçün uyğun atmosfer yoxdur”, – deyə Robert Fico bildirib.

O, həmçinin qeyd edib ki, Aİ-yə üzvlük prosesi çərçivəsində namizəd ölkələr müəyyən şərtləri yerinə yetirməlidir və bu, uzunmüddətli prosesdir.

Robert Fico-nun fikrincə, hazırda Aİ-yə ilk növbədə Monteneqro, Albaniya və Serbiya kimi ölkələr qoşulmalıdır.

“Bu üç ölkə mümkün qədər tez Aİ-yə qəbul olunmalıdır”, – deyə Slovakiya baş naziri vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Almaniya mediası Friedrich Merzın Ukraynaya Aİ-nin “assosiativ üzvlük” statusunun verilməsi ideyasını irəli sürdüyünü və bu barədə digər Avropa liderlərinə məktub göndərdiyini yazmışdı.