Rioni çayı üzərində Potinin yeni körpüsünün və yanaşma yollarının tikintisi aparılır
default
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına əsasən, Potidə, Rioni çayı üzərində yeni körpünün və yanaşma yollarının tikintisi aktiv şəkildə davam edir.
Avtomobil Yolları Departamentinin məlumatında, Rioni çayı üzərində polad-dəmir-beton avtomobil körpüsünün tikildiyi deyilir. Onun uzunluğu 436 metr, yanaşma yollarının uzunluğu isə ümumilikdə 2 km təşkil edir.
“Poti körpüsü ümumilikdə beş aşırımlı konstruksiyadan ibarətdir və çayın hər iki tərəfindən metal tirlərin quraşdırılması həyata keçirilib. Çayın məcrasının mərkəzi hissəsində yerləşən 3-cü aşırımın quraşdırılması işlər üçün ən çətin çağırış idi, bu da uğurla dəf edildi və qeyd olunan hissədə tirin montajı artıq başa çatıb. Bu mərhələdə, körpünün hər iki tərəfindən quraşdırılmış konstruksiyalar yekun olaraq bir-birinə birləşdirilib.
Potinin hazırda mövcud olan yolu hidroqovşaqdan keçir və onun texniki parametrləri avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətini təmin edə bilmir. Yeni polad-dəmir-beton 5-aşırımlı körpünün tikintisi mövcud problemləri həll edəcək və Poti istiqamətində, yüksək intensivliyə malik beynəlxalq əhəmiyyətli yolda təhlükəsiz avtomobil səyahətini və fasiləsiz tranzit gediş-gəlişini təmin edəcək.
Poti körpüsü Şərq-Qərb avtomagistralının tərkib hissəsidir. Sürət avtomagistralı Avropa və Asiya ölkələri arasında ən qısa birləşdirici yoldur. Magistralın yerləşməsini nəzərə alaraq, o, Qara dəniz, Xəzər dənizi və Mərkəzi Asiya arasında əsas nəqliyyat halqasına çevriləcək. Körpünün tikinti dəyəri 60.8 milyon lari təşkil edir və Asiya İnkişaf Bankının (ADB) maliyyə dəstəyi ilə həyata keçirilir. Tikinti işlərini beynəlxalq tenderdə qalib gələn “MIRBUD-CS Birgə Müəssisəsi” şirkəti yerinə yetirir” – Avtomobil Yolları Departamenti tərəfindən yayılmış məlumatda deyilir.