“Reuters” – Yunanıstan hökuməti Rusiyaya qarşı yeni sanksiyaların təsdiqlənməsini dəstəkləmir
Yunanıstan hökuməti Rusiyaya qarşı yeni sanksiyaların təsdiqlənməsinə razılıq vermir.
“Reuters” agentliyinin yazdığına görə, Afinanın bu mövqeyinin səbəbi odur ki, Rusiya qazının üçüncü ölkələrə satışına qadağa qoyulacağı təqdirdə, bazarda Yunanıstanın yerini Avropa İttifaqına daxil olmayan rəqiblər tuta bilər.
Agentliyin mənbələri bildiriblər ki, sanksiyalar diqqətlə hesablanmalıdır. Moskvaya təzyiq artırılmalı, lakin Avropa biznesinə zərər vurulmamalıdır.
“Avropa öz sanksiya siyasəti nəticəsində iqtisadi sektorları və ya bazar payını itirməməlidir. Bu bazarlar Avropa İttifaqına daxil olmayan oyunçulara keçməməlidir. Sanksiyalar Rusiyanın iqtisadi potensialını zəiflətməli, eyni zamanda başqalarının Avropanın hesabına strateji üstünlük qazanmasına imkan verməməlidir”, – deyə mənbələrdən biri “Reuters”ə bildirib.
Xatırladaq ki, Avropa İttifaqına üzv ölkələrin səfirlər komitəsi iyulun 15-də Rusiyaya qarşı 21-ci sanksiyalar paketi ilə bağlı qərar qəbul edə bilməyib.
Sözügedən sanksiyalar paketinə Yunanıstanla yanaşı, Avstriya da etiraz edir.