“Reuters” – Ukrayna dronlarının hücumları nəticəsində Rusiyada benzin istehsalı azalıb və tələbatın təxminən 65%-ini qarşılayır
Rusiyada istehsal olunan benzin mövsümi tələbatın təxminən 65%-ini qarşılayır – bu barədə məlumatı mənbələrinə və öz hesabatlarına istinadən “Reuters” yayır.
Agentliyin yazdığı kimi, Ukrayna dronlarının hücumları nəticəsində Rusiyada benzin istehsalı mövsümi orta istehlakla müqayisədə təxminən 65%-ə qədər azalıb.
Agentliyin məlumatına əsasən, yayda sürücülər tərəfindən tələbat artır, benzin qıtlığı isə 35% və ya gündə 40-45 min ton təşkil edir. Müqayisə üçün qeyd edək ki, iyun ayında gündəlik qıtlıq 25% olub.
Sənayedə çalışan mənbələrin sözlərinə əsasən, yay mövsümündə istehlak dövründə Rusiyada benzinə olan gündəlik tələbat 115-120 min ton təşkil edir.
Ukrayna dronlarının hücumları səbəbindən bir neçə iri zavod, o cümlədən ən böyüklərdən olan “Norsi” (Nijni Novqorodda) və Omsk zavodu fəaliyyətini dayandırıb. Saratov neft emalı zavodu da istehsalı dayandırıb.
“Reuters” yazır ki, hökumət tərəfindən yanacaq qıtlığını aradan qaldırmaq üçün irəli sürülən təkliflərə dizel, benzin və aviasiya yanacağının ixracına qadağa qoyulması daxildir. Rusiya yanacaq idxalına da başlayıb. Belarusdan Rusiyaya benzin və dizel tədarükü iyun ayında aylıq rekorda çatıb, keçən həftə isə mənbələr Rusiyanın Hindistandan dəniz nəqliyyatı vasitəsilə də idxala başladığını bildiriblər.