“Reuters” – Ukrayna Amerika “Patriot”unun Avropa alternativi olması nəzərdə tutulan yeni “Freya” anti-ballistik hava hücumundan müdafiə sisteminin 2027-ci ilin birinci yarısı üçün hazır olacağına ümid edir
Ukrayna avropalı tərəfdaşları ilə birlikdə inkişaf etdirdiyi “Freya” kod adlı yeni anti-ballistik hava hücumundan müdafiə sisteminin 2027-ci ilin birinci yarısı üçün hazır olacağına ümid edir — bu barədə “Reuters” agentliyi yazır.
Layihə iki həftə əvvəl Parisdə keçirilən sammitdə rəsmi olaraq elan edilib. Sammitdə 10 Avropa ölkəsinin lideri, o cümlədən Zelenski və hərbi məhsullar istehsal edən onadək şirkət iştirak edib.
Agentliyin yazdığı kimi, “Freya” Amerika “Patriot” sisteminin nisbətən ucuz və çevik Avropa alternativi olmalıdır. Medianın məlumatına əsasən, bu sistem vasitəsilə Rusiya ballistik raketlərini vurmaq mümkün olacaq, çünki “Patriot”un Avropa alternativləri bunu bacarmır, “Patriot” sistemlərinin və raketlərinin tədarükü isə siyasi qeyri-sabitlik, ehtiyatların çatışmazlığı və uzun istehsal dövrü səbəbindən məhduddur.
“Freya” layihəsi çərçivəsində Ukrayna ballistik raketi vurmaq qabiliyyətinə malik buraxılış qurğusunu və raketi təmin edir. Prezident Zelenskinin sözlərinə əsasən, onun sınaqdan keçirilməsi bu ay baş tutacaq, tərəfdaşlardan isə Ukrayna müasir radarlar, sensorlar və idarəetmə texnologiyaları ilə təmin olunmağı gözləyir.
Ukrayna tərəfinin izahına əsasən, hava hücumundan müdafiə sistemi “açıq arxitektura” prinsipi ilə yaradılır, bu da tərəfdaş ölkələrin öz istehsalı olan komponentləri uyğunlaşdırmasına imkan verəcək. Zelenski bunu “Lego”ya bənzədir.
Layihənin nəzarətçisi, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin müavini David Aloyanın bəyanatına əsasən: “Danimarka Danimarkanın “Weibel” radarını istədiyini desə, bu mümkündür. İsveç “Saab” sistemini seçərsə, bu da problem olmayacaq”.
Qeyd olunan layihədə artıq “Eurosam”, “Leonardo”, “Thales”, “Saab” və Almaniyanın “Hensoldt” kimi Avropa müdafiə şirkətləri iştirak edirlər.