“Reuters” – Sorğunun nəticələrinə görə, Donald Trampın reytinqi Ağ Evə qayıdışından sonra ən aşağı səviyyəyə düşüb
Reuters/Ipsos sorğusunun nəticələrinə əsasən, ABŞ prezidenti Donald Trampın reytinqi Ağ Evə qayıdışından sonra ən aşağı səviyyəyə enib.
“Reuters”in məlumatına görə, altı gün ərzində keçirilmiş sorğuda respondentlərin təxminən 42%-i Trampın prezident kimi fəaliyyətini müsbət qiymətləndirib. Üç həftə öncə bu rəqəm 43% idi, yanvarda, Trampın inauqurasiyasından dərhal sonra isə 47% təşkil edirdi.
Reuters yazır ki, Trampın reytinqi hələ də prezidentliyi dövründə Co Baydenin reytinqindən yüksək olsa da, sorğunun nəticələri göstərir ki, çox sayda amerikalı Trampın addımlarından narazıdır.
Sorğuya qatılan 4306 respondentdən təxminən 83%-i bildirib ki, ABŞ prezidenti federal məhkəmənin qərarlarına tabe olmalıdır – istəməsə belə.
57% respondent prezidentin universitetlərə maliyyəni dayandırmasını düzgün hesab etmir, əgər o, onların idarəçiliyilə razılaşmırsa.
66% düşünür ki, prezident milli muzeylər və teatrlər kimi mədəniyyət müəssisələrinə nəzarət etməməlidir.
Sorğunun nəticələrinə görə, inflyasiya, immiqrasiya və digər məsələlərlə bağlı Trampın fəaliyyətindən narazı amerikalıların sayı, razı olanlardan daha çoxdur.
Bundan əlavə, respondentlərin təxminən 59%-i, o cümlədən respublikaçıların üçdə biri, bildirib ki, Amerika beynəlxalq aləmdə nüfuzunu itirir.
Reuters qeyd edir ki, bu sorğunun təxmini xəta payı təxminən 2% ola bilər.