"Reuters" - Putin müharibəni bitirmək üçün Qərb liderlərindən NATO-nun şərqə doğru genişlənməsinin dayandırılacağına və Rusiyaya qarşı tətbiq edilən sanksiyaların bir hissəsinin ləğv ediləcəyinə dair yazılı vəd tələb edir
"Reuters" - Putin müharibəni bitirmək üçün Qərb liderlərindən NATO-nun şərqə doğru genişlənməsinin dayandırılacağına və Rusiyaya qarşı tətbiq edilən sanksiyaların bir hissəsinin ləğv ediləcəyinə dair yazılı vəd tələb edir

 

Rusiya Prezidenti Vladimer Putin Ukraynada müharibəni bitirmək üçün Qərb liderlərindən NATO-nun şərqə doğru genişlənməsinin dayandırılacağına və Rusiyaya qarşı tətbiq edilən sanksiyaların bir hissəsinin ləğv ediləcəyinə dair yazılı vəd tələb edir – bu barədə “Reuters” agentliyi danışıqlar barədə məlumata sahib üç anonim rus mənbəsinə istinadən yazır.

NATO-nun genişlənməsinin dayandırılması və sanksiyaların yüngülləşdirilməsindən başqa, Qərbdə dondurulmuş rus aktivləri məsələsinin həlli və Ukraynada rusdilli əhalinin müdafiəsi Rusiyanın tələbləri arasında yer alır.

“Putin sülhü bərqərar etməyə hazırdır, lakin istənilən bədəl hesabına yox” – “Reuters”ə adının açıqlanmaması şərti ilə danışan mənbə deyib.
Bununla yanaşı, media vasitəsinin mənbəsinin qeyd etdiyi kimi, əgər Putin onun şərtləri ilə sülhə nail olmağın mümkün olmadığını başa düşsə, o zaman çalışacaq ki, hərbi uğurları ilə ukraynalılara və avropalılara göstərsin ki, “sabah sülh daha da ağrılı olacaq”.

Rusiya tərəfi “Reuters”ə bu məlumatı rəsmi şəkildə şərh etməyib. Lakin Rusiya hakimiyyəti adətən bildirir ki, Ukraynadakı münaqişənin başa çatması üçün onun ilkin səbəblərinin aradan qaldırılması lazımdır.

“Reuters”ə danışan mənbələrdən biri qeyd edir ki, əgər Putin döyüş meydanında taktiki imkan görsə, o, Ukrayna daxilində hücumları davam etdirəcək. Bununla yanaşı, Kremldə inanırlar ki, Rusiya Qərbin tətbiq etdiyi sanksiyalara baxmayaraq, mübarizəni illər ərzində davam etdirə bilər.

Daha bir mənbə isə qeyd edir ki, hazırda Putin ərazi məsələsində güzəştə getməyə daha az meyllidir. “Putin mövqeyini sərtləşdirib” – o qeyd edib.