“Reuters” – Pentaqon Avropadakı ABŞ hərbi kontingentinin yerləşdirilməsinə yenidən baxılması çərçivəsində noyabrın 6-dək ən azı dörd fəaliyyət variantı hazırlayacaq

16:06, 27.08.2026

Pentaqon Avropada ABŞ hərbi kontingentinin yerləşdirilməsinə yenidən baxılması çərçivəsində noyabrın 6-dək müdafiə nazirinə təqdim etmək üçün ən azı dörd fəaliyyət variantı hazırlayacaq. İyunda başlayan yenidən baxılma prosesinin isə dekabrda başa çatdırılması planlaşdırılır. “Reuters” sənədlə tanışlığı və anonim mənbələrlə söhbətləri əsasında yazır.
Agentliyin məlumatına görə, prosesdə həlledici əhəmiyyət 18 sentyabradək keçirilməsi planlaşdırılan görüşə verilir. Bu görüşdə ABŞ-ın Avropadakı Silahlı Qüvvələrinin Ali Baş Komandanı Pentaqonun siyasət üzrə rəhbəri Elbric Kolbi ilə görüşərək müdafiə naziri Pit Hegsetə təqdim ediləcək konkret variantları müəyyənləşdirəcək.

ABŞ müttəfiqləri qiymətləndirərkən bir neçə əsas meyara əsaslanacaq. Bunlara ölkələrin ABŞ qüvvələri üçün bazalardan, hava məkanından və ərazilərindən maneəsiz istifadə imkanlarını təmin etməsi daxildir.

Digər meyarlar arasında texnoloji infrastruktur, kosmik, kibertəhlükəsizlik və kəşfiyyat sahələrində əməkdaşlıq, NATO qarşısında götürülmüş maliyyə öhdəliklərinin yerinə yetirilməsi və ABŞ qoşunlarının mümkün çıxarılmasından sonra yaranacaq boşluğu müttəfiqlərin nə dərəcədə doldura bilməsi yer alır.

Pentaqon bildirir ki, ABŞ Avropanın təhlükəsizliyinin təmin edilməsində əsas məsuliyyəti Avropadakı müttəfiqlərin öz üzərinə götürdüyü, Vaşinqtonun isə onlara yalnız məhdud dəstək göstərdiyi modelə keçir.

ABŞ-ın NATO-dakı müttəfiqləri narahatdırlar ki, bu yenidən baxılma nəticəsində hazırda sayı 80 min nəfər olan ABŞ hərbçilərinin Avropadakı kontingenti əhəmiyyətli dərəcədə azaldıla bilər. Həmçinin Vaşinqtonun Prezident Donald Trampın fikrincə, İrana qarşı müharibədə ona kifayət qədər dəstək göstərməyən ölkələri “cəzalandıracağından” ehtiyat edirlər.

Oxşar