"Reuters" - Moskva və Vaşinqton rus qazının Avropaya tədarükünün bərpası məsələsini müzakirə edirlər
"Reuters" - Moskva və Vaşinqton rus qazının Avropaya tədarükünün bərpası məsələsini müzakirə edirlər

 

Moskva və Vaşinqton rus qazının Avropaya tədarükünün bərpası məsələsini müzakirə edirlər. “Reuters” agentliyi bu barədə məlumatı səkkiz mənbəyə istinadən yayır.

İkitərəfli danışıqlar barədə məlumat verilmiş mənbələr qeyd edirlər ki, Avropa İttifaqının qaz bazarında Moskvanın yenilənmiş rolu Rusiya Prezidenti ilə sülh razılaşmasının bağlanmasına kömək edə bilər. Media vasitəsinin iki mənbəsinin məlumatına əsasən, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof və Rusiya Prezidentinin investisiya və iqtisadi əməkdaşlıq məsələləri üzrə nümayəndəsi Kiril Dmitriyev qaz məsələsini Ukrayna üzrə sülh danışıqları çərçivəsində müzakirə ediblər.

“Reuters”in yazdığı kimi, Uitkofun mətbuat katibi şərh verməkdən imtina edib, Dmitriyevin rəhbərlik etdiyi Rusiya Birbaşa İnvestisiyalar Fondu isə bəyan edir ki, hazırda bu cür danışıqlar aparılmır.

Kremlin mətbuat katibi Dimitri Peskov aprel ayında Fransa mediasına müsahibəsində Moskvanın qaz satmağa hazır olduğunu və bəzi Avropa ölkələrinin hələ də onu almaq istədiyini bildiyini deyib.

Bununla yanaşı, amerikalıların iştirakı ilə bağlı beş mənbə “Reuters”ə bildirib ki, amerikalı investorlar tərəfindən Rusiya ilə Almaniyanı birləşdirən “Şimal Axını” boru xəttinin, Ukraynadan keçən qaz kəmərinin və ya birbaşa “Gazprom”un hissələrinin alınması müzakirə olunurdu. Həmçinin, Amerika şirkətləri tərəfindən “Gazprom”dan qazın alınması və Avropaya tədarük edilməsi ideyası müzakirə olunurdu.

Ukraynada Rusiyanın genişmiqyaslı müharibəyə başlamasından sonra Avropa rus qazının idxalını əhəmiyyətli dərəcədə azaltdı, nəticədə rus şirkəti “Gazprom” ötən il 7 milyard dollar həcmində zərər gördü. Lakin, bəzi ölkələr hələ də rus qazını alırlar, o cümlədən Macarıstan və Slovakiya. Onlara rus təbii qazı “Türk Axını” boru kəməri ilə çatdırılır. Həmçinin, bir neçə Avropa ölkəsi uzunmüddətli müqavilələr çərçivəsində Rusiyanın “Novatek” şirkətindən mayeləşdirilmiş təbii qaz alır. Bununla yanaşı, sənayenin yüksək vəzifəli şəxsləri bildirirlər ki, sülh razılaşmasının imzalanması halında, ola bilsin başqa ölkələr də rus qazına qayıtsınlar.

“Reuters”in mənbələri qeyd edirlər ki, Vaşinqtonun qaz tədarükünün bərpasında iştirak etməsi Moskvaya Avropa ölkələrinin əksəriyyətində siyasi müqavimətin öhdəsindən gəlməyə kömək edə bilər. Eyni zamanda, “Reuters”in yazdığı kimi, bu, Vaşinqton üçün də faydalı olacaq, çünki ABŞ bununla Avropada rus qazının idxalı üzərində nəzarət əldə edə bilər.

2022-ci ildən Avropa alternativ qaz tədarükçülərinə üz tutub, xüsusən də ABŞ-dan mayeləşdirilmiş qaz idxalı artıb.