“Reuters” – Mənbələr ABŞ və Rusiyanın Avropaya qaz satışı məsələsini müzakirə etdiyinə dair məlumat verirlər
“Reuters” agentliyi beş məlumatlı şəxsə istinadən yazır ki, Rusiya və ABŞ-nin yüksək vəzifəli rəsmi şəxsləri “Şimal axını” layihəsinə amerikalı investorun cəlb edilməsi məsələsini müzakirə ediblər.
Mənbələr, danışıqlarda Rusiya Prezidenti Vladimir Putinin müşaviri Kiril Dimitriyev və ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin iştirak etdiyinə dair məlumat verirlər.
Kiril Dimitriyev və Cared Kuşner son həftələrdə Moskva və Nyu-Yorkda görüşüblər. Agentliyin iki mənbəyinin məlumatına əsasən, bu görüşlər zamanı onların “Şimal axını” məsələsini nə dərəcədə müzakirə etdikləri məlum deyil, lakin mövzu yenidən gündəlikdədir.
“Reuters”in məlumatında, Kuşnerin biznes sazişlərini sülhün bərpasının vacib elementlərindən biri hesab etdiyi, lakin Vaşinqtonun Almaniyaya rus qazının tədarükünün bərpasında nə dərəcədə maraqlı olduğunun hələlik məlum olmadığı deyilir.
Mənbələrdən birinin verdiyi məlumata əsasən, mövcud maneələri nəzərə alaraq, orta müddətli perspektivdə razılaşmanın əldə olunması az ehtimal olunur.
Ağ Evdə medianın sualına cavab olaraq Rusiya ilə istənilən razılaşma məsələsinin ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC) və ABŞ Xəzinədarlıq Departamenti ilə razılaşdırılmalı olduğunu deyiblər. Onlar həmçinin qeyd ediblər ki, son dövrdə “Şimal axını” ilə bağlı heç bir danışıq aparılmayıb.
Almaniyanın İqtisadiyyat və Energetika Nazirliyinin nümayəndəsi “Reuters”ə “Şimal axını”nın qaz kəmərləri və rus qazının Avropada sanksiya altında olduğunu və Almaniyanın artıq rus qazına alternativ mənbələr tapdığını açıqlayıb. Onun sözlərinə əsasən, qaz kəmərlərinin yenidən işə salınması üçün hökumətin razılığı lazım gələcək, lakin buna heç bir istək yoxdur.
“Reuters”in məlumatında, Kuşner və Dimitriyevin həmçinin Rusiyanın “LUKOIL” enerji şirkətinə məxsus bir sıra aktivlərin, o cümlədən Avropa və digər regionlarda yerləşən neft emalı zavodları və yanacaqdoldurma məntəqələrinin satışı məsələsini də müzakirə etdikləri deyilir.