"Reuters" - Mark Rutte Londona səfəri zamanı alyans tərəfindən hava və raketdən müdafiə sistemlərinin 400% artırılmasının zəruriliyi barədə bəyanat verəcək
"Reuters" - Mark Rutte Londona səfəri zamanı alyans tərəfindən hava və raketdən müdafiə sistemlərinin 400% artırılmasının zəruriliyi barədə bəyanat verəcək

 

NATO-nun baş katibi Mark Rutte Londona səfəri zamanı alyans tərəfindən hava və raketdən müdafiə sistemlərinin 400% artırılmasının zəruriliyi barədə bəyanat verəcək. Bu barədə məlumatı Ruttenin çıxışının mətni ilə tanış olan “Reuters” yayır.

Media vasitəsinin məlumatına əsasən, Mark Rutte bu gün “Chatham House” analitik mərkəzində çıxış etməyi planlaşdırır. NATO baş katibinin çıxışının mətninə əsasən, alyansın etibarlı çəkindirmə və müdafiəni qoruyub saxlaması üçün hava və raketdən müdafiə sistemlərini 400% artırmağa ehtiyacı var.

“Rusiyanın göydən terroru necə yaydığını Ukraynada görürük. Belə ki, səmamızı qoruyan qalxanımızı gücləndirəcəyik. Kollektiv müdafiəmizdə əhəmiyyətli sıçrayışa ehtiyacımızın olması faktdır. Müdafiə planlarımızı tam şəkildə həyata keçirmək üçün daha çox gücümüz və imkanımızın olması faktdır. Ukraynada müharibə bitəndə belə təhlükənin yox olmayacağı faktdır” – mətndə qeyd olunub.

İyunun sonunda Haaqada planlaşdırılan NATO-nun sammitində alyans müdafiə xərclərinin artırılmasına dair razılaşmanı elan etməyi planlaşdırır. ABŞ Prezidenti Donald Tramp NATO üzvlərinin müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmağı tələb edir.