“Reuters” – İtaliya və İspaniya Avropa İttifaqının bu il Ukraynaya hərbi yardım üçün 40 milyard avro ayırmaq təşəbbüsünü dəstəkləməyə hazır deyil
İtaliya və İspaniya Avropa İttifaqının bu il Ukraynaya hərbi yardım üçün 40 milyard avro ayırmaq təşəbbüsünü dəstəkləməyə hazır deyil – bu haqda məlumatı “Reuters” yayır.
Martın 17-də keçirilən xarici işlər nazirlərinin görüşündən sonra Avropa İttifaqının ali nümayəndəsi Kaia Kalas onun təklifinin “geniş siyasi dəstəyə” malik olduğunu və detalların hazırda müzakirə olunduğunu açıqlayıb.
“Reuters”in diplomatlara istinadən yazdığı kimi, təşəbbüs Şimali və Şərqi Avropa ölkələrindən güclü dəstəyə malikdir, lakin bəzi Cənubi Avropa ölkələri daha təmkinli davranırlar.
İtaliya və İspaniyanın xarici işlər nazirləri görüşdən əvvəl təşəbbüslə bağlı yekun mövqe tutmağın hələ tez olduğunu bildiriblər.
Medianın məlumatına əsasən, planla bağlı Fransanın da sualları olub.
İtaliyanın xarici işlər naziri Antonio Taiani bildirib ki, təklif gələcək hadisələr nəzərə alınmaqla, dərindən nəzərdən keçirilməlidir.
“Atəşkəsə nail olmaq istiqamətində hansısa addımların olub-olmayacağını görmək üçün Tramp-Putin telefon zəngini gözləyirik” – Antonio Taiani deyib və İtaliyanın da müdafiə xərclərini artırmaq üçün qaynaqlar tapmalı olduğunu qeyd edib.
İspaniyanın xarici işlər naziri Xose Albares deyib : “Müzakirənin necə getdiyini görək, lakin bu mərhələdə bu məsələ ilə bağlı qərar yoxdur”.
Xose Albares bildirib ki, İspaniya artıq bu il Ukraynaya bir milyard avro həcmində hərbi yardım ayırmağı öhdəsinə götürüb. Onun bəyanatına əsasən, Madrid Kiyevə İspaniyanın dəstəyinə arxalana biləcəyini göstərmək üçün ali nümayəndə Kaia Kalasdan təklif gözləməyə ehtiyac duymayıb.
“Reuters” agentliyi üç diplomata istinadən yazır ki, Slovakiya nazirlərin görüşündə Ukraynaya yardım planını əngəlləməyəcəyinə eyham vurub, lakin öz töhfəsini verməkdən imtina edib.
Kaia Kalasın planı bu il Avropa İttifaqının Ukraynaya hərbi yardımını ikiqat artırmaq deməkdir.
“Kil Dünya İqtisadiyyatı İnstitutu”nun göstəricilərinə əsasən, 2022-ci ilin yanvarından 2024-cü ilin dekabrına qədər olan dövrdə Kiyevə ÜDM-in 2%-dən çoxunu ayıran Estoniya, Danimarka və Litva Ukraynaya yardım baxımından Avropada liderdir. Avropa ölkələri arasında İtaliya, Sloveniya, İspaniya, Portuqaliya, Yunanıstan və Kipr ÜDM-in 0,5%-dən az hissəsi ilə siyahıda sonuncu yerləri tutur. Macarıstan siyahıda sonuncu yerdədir.