"Reuters" – İranda bildirirlər ki, İsraillə 12 günlük müharibə zamanı 21 000 “şübhəli” saxlanılıb
İranda bildirilib ki, İsraillə 12 günlük müharibə zamanı 21 000 “şübhəli” saxlanılıb. Bu barədə “Reuters” yazır.
Məlumata görə, 13 iyunda İsrailin hava zərbələrindən sonra İranın təhlükəsizlik qüvvələri genişmiqyaslı həbslərə başlayıb.
İran küçələrində nəzarət-buraxılış məntəqələri qurulub və vətəndaşlara, şübhəli davrandığını düşündükləri hər kəs barədə məlumat vermələri çağırışı edilib.
“İctimaiyyət tərəfindən edilən zənglərin sayı 41% artdı ki, bu da 12 günlük müharibə ərzində 21 000 şübhəlinin saxlanmasına səbəb oldu”, – deyə polis sözçüsü Səid Montazerolmehdi bildirib. O, insanların hansı səbəbdən saxlanıldığı barədə isə dəqiqləşdirmə aparmayıb.
“Reuters”in yazdığına görə, İsrail–İran münaqişəsi deportasiyaların artmasına da səbəb olub. Bu, xüsusilə əfqan miqrantlara təsir edib. Yardım agentlikləri xəbər veriblər ki, yerli hakimiyyət bəzi əfqanları İsrailin xeyrinə casusluqda ittiham edib.
Xatırladaq ki, İsrail ordusu 13 iyunda İranın nüvə obyektlərinə və silah anbarlarına qarşı hərbi əməliyyata başlayıb. İran buna cavab olaraq İsrailə raket və dron hücumları həyata keçirib. Sonradan ABŞ İranın Fordo, Natanz və İsfahan nüvə obyektlərinə zərbə endirib, İran isə buna Qətərdə yerləşən ABŞ hərbi bazasına hücumla cavab verib.