“Reuters” – İran və ABŞ arasında vasitəçilik prosesinə cəlb olunmuş ölkələr müvəqqəti sazişin bərpası imkanlarını müzakirə etmək üçün 10 günlük atəşkəs rejiminin tətbiqini təklif edirlər
İran və ABŞ arasında vasitəçilik prosesinə cəlb olunmuş ölkələr müvəqqəti sazişin bərpası imkanlarını müzakirə etmək üçün tərəflərə 10 günlük atəşkəs rejiminin tətbiq olunmasını təklif edirlər. Bu barədə “Reuters” agentliyi İran mənbəyinə istinadən xəbər verir.
Onlar, vasitəçilərin Tehrana ABŞ ilə müharibənin gərginliyini azaltmaq üçün 10 günlük atəşkəsi nəzərdə tutan təklif təqdim etdiklərinə dair məlumat veriblər.
ABŞ-İran münaqişəsinin növbəti eskalasiyası iyulun 8-dən başlayıb. Birləşmiş Ştatların silahlı qüvvələri Vaşinqton və Tehran arasında memorandumun imzalanmasından sonra ilk dəfə olaraq İran ərazisinə bir neçə dəfə zərbə endirib.
Vaşinqtonda bunun Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab olduğunu bəyan edirlər.
Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla mövcud atəşkəsin başa çatdığını elan etdi.
Cavab olaraq Tehran Yaxın Şərqdə – Bəhreyn, İordaniya, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Oman ərazisində yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirməyə başlayıb.