“Reuters” – İran qətərli vasitəçilərin müharibəni bitirmək üçün təqdim etdiyi yeni saziş layihəsi təkliflərini qəbuledilməz hesab edir

10:50, 29.10.2026

 

İran qətərli vasitəçilərin müharibəni bitirmək üçün Tehrana təqdim etdiyi yeni saziş layihəsi təkliflərini qəbuledilməz hesab edir.
Bu barədə “Reuters” mənbələrə istinadən yazır.

Nəşrin məlumatına əsasən, iranlı yüksək rütbəli rəsmi Dohanın onlara yalnız “qəbuledilməz ideyalar” təqdim etdiyini və bunun tamdəyərli layihə sayıla bilməyəcəyini qeyd edib. O, həmçinin nüvə məsələsində Tehranın mövqeyinin dəyişməz olaraq qaldığını bildirib.

Başqa bir mənbənin məlumatına əsasən, layihə İrana bazar günü təhvil verilib və bu həftənin sonunadək cavablandırılacaq.

“Reuters” qeyd edir ki, Qətərin təklifi hər iki tərəf üçün etimadı möhkəmləndirən addımların təsbit edildiyi yeddi günlük cədvəli nəzərdə tutur. Bir neçə ölkə sazişin zəmanətçisi olacaq. Bununla yanaşı, nəşrin yazdığı kimi, əsas mübahisəli məsələ nüvə proqramıdır. Vaşinqton onun ən başından danışıqların bir hissəsi olmasını istəyir. İranda isə bəyan edirlər ki, əvvəlcə onların şərtləri yerinə yetirilməlidir: ABŞ İran limanlarının blokadasını dayandırmalı və neft ixracına qoyulan sanksiyaları ləğv etməlidir.

Oxşar