“Reuters/Ipsos”un son sorğusuna əsasən, bir neçə aylıq azalmadan sonra Donald Trampın reytinqi 33 faizdən 35 faizə yüksəlib
“Reuters/Ipsos”un son sorğusuna əsasən, bir neçə aylıq azalmadan sonra Donald Trampın reytinqi 33 faizdən 35 faizə yüksəlib. Bu barədə məlumatı “Reuters” yayır.
“Reuters/Ipsos”un sorğusuna əsasən, amerikalıların 63%-i, o cümlədən hər 10 respublikaçıdan 4-ü və hər 10 demokratdan 9-u Trampın aralıq seçkilərindən sonra hər bir vətəndaşa 5 000 dollar verilməsi ilə bağlı təklifini qeyri-real hesab edir.
“Konqres seçkiləri bu gün keçirilsəydi, hansı partiyaya səs verərdiniz?” sualına sorğuda iştirak edənlərin 44%-i demokratları, 37%-i isə respublikaçıları seçib.
Trampın ABŞ paytaxtında həyata keçirdiyi tikinti layihələrinə, o cümlədən Ağ Evin ziyafət zalına gəlincə, sorğuda iştirak edən demokratların 91%-i bu planların əleyhinə olduğunu bildirib, respublikaçılar arasında isə əleyhinə olanlar 1/4 təşkil edib.
Medianın məlumatına əsasən, Trampın populyarlığı Yaxın Şərqdən neft tədarükünün ləngiməsi və yanacaq qiymətlərinin artmasına səbəb olan fevral ayında İrana qarşı müharibə başladıqdan sonra azalıb.
“Reuters/Ipsos”un sorğusu bütün ölkə miqyasında keçirilib. Ümumilikdə 1 143 ABŞ vətəndaşı sorğuda iştirak edib, səhv marjası isə +-3%-dir.