“Reuters” – Fars körfəzi ölkələri ABŞ-ı İsrailin İranın neft obyektlərinə mümkün hücumunu dayandırmağa çağırırlar
Üç mənbə “Reuters” agentliyinə, Fars körfəzi ölkələrinin İsrailin İranın neft obyektlərinə mümkün hücumunu dayandırmaq üçün Vaşinqtonda lobbiçilik etdiyini bildirib. Mənbə bildirib ki, onlar münaqişənin eskalasiyası halında Tehranın müttəfiqlərinin Fars körfəzinin neft obyektlərini bombalaya biləcəyindən ehtiyat edirlər.
Agentliyin məlumatına əsasən, belə bir ssenarinin baş verməsini aradan qaldırmaq üçün Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər İsrailin İrana hücum etmək üçün hava məkanından istifadə etməsinə icazə vermir və bu mövqeni Vaşinqtona da çatdırıblar.
Məlumat üçün bildirək ki, İsrail hökuməti oktyabrın 1-də həyata keçirilən raket hücumuna görə İrana cavab addımları atacağına söz verib. Tehranda isə belə bir hərəkətin İsrail üçün ağır nəticələrinin olacağını bildiriblər.
“Reuters”in məlumatına əsasən, bu həftə keçirilən görüşlərdə İran Səudiyyə Ərəbistanına xəbərdarlıq edib ki, İsrailin cavab hücumu olacağı təqdirdə Tehran Fars körfəzi krallığının neft obyektlərinin təhlükəsizliyinə zəmanət verə bilməyəcək. Fars körfəzi və İran mənbələri, Səudiyyə Ərəbistanının de fakto idarəçisi şahzadə Mohamed bin Salmanla İranın xarici işlər naziri Abbas Arağçi arasında danışıqların əsas mövzusunun İsrailin potensial zərbəsi olduğunu deyirlər.
Hökumət dairələrinə yaxın mənbə bildirib ki, iranlı nazirin səfəri, eləcə də Səudiyyə Ərəbistanı ilə ABŞ arasında müdafiə nazirlikləri səviyyəsində kommunikasiya böhranın həlli istiqamətində koordinasiyalı səylərin bir hissəsidir. Vaşinqtondakı danışıqlarla əlaqəli şəxs “Reuters” agentliyinə söhbətində təsdiqləyib ki, Fars körfəzinin rəsmi şəxsləri İsrail tərəfindən gözlənilən cavab tədbirinin potensial miqyası ilə bağlı narahatlıqlarını ifadə etmək üçün amerikalı həmkarları ilə əlaqə saxlayıblar.