“Reuters”: Çin və ABŞ bir-birindən idxal olunan ümumi dəyəri 60 milyard dollar olan mallara tətbiq edilən tarifləri azaltmaq barədə razılığa gəliblər
Çin və ABŞ bir-birindən idxal olunan, ümumi dəyəri 60 milyard dollar olan mallara tətbiq edilən tariflərin azaldılması barədə razılığa gəliblər. “Reuters”in məlumatına görə, söhbət geniş çeşiddə məhsullardan gedir.
ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qririn sözlərinə görə, ABŞ-Çin Ticarət Şurası çərçivəsində hər iki ölkə “həssas olmayan mallar” üzrə 30 milyard dollarlıq ticarətə daha əlverişli tarif rejiminin tətbiq edilməsini tövsiyə edib. Qririn sözlərinə görə, bu, ABŞ-ın Çin bazarına ixracının təxminən 30 faizi üçün bazara çıxışı yaxşılaşdıracaq.
Ağ Evin siyahısına əsasən, Çin ABŞ-ın kənd təsərrüfatı məhsullarına, o cümlədən qarğıdalı, buğda, sorqo, ət, süd məhsulları və bitki yağlarına tətbiq etdiyi tarifləri azaldacaq. Pekin həmçinin balıq və dəniz məhsulları, taxta məhsulları, kosmetika və tibbi avadanlıqlara tarifləri azaltmağı planlaşdırır. Qeyd edək ki, soya bu siyahıya daxil edilməyib.
ABŞ tərəfindən tariflərin azaldılması isə Çindən gətirilən kiçik məişət texnikası, qab-qacaq, ev tekstili, oyuncaqlar və digər məhsullara şamil olunacaq.
Çinin Ticarət Nazirliyi bazar ertəsi bildirib ki, ABŞ-la əldə olunan ticarət atəşkəsi iki ay müddətinə, yanvarın 10-dək uzadılacaq. Bu isə hər iki tərəfə iqtisadi və ticarət məsələlərinin həlli ilə bağlı mövcud razılaşmaları qiymətləndirmək imkanı verəcək.
“Reuters”in məlumatına görə, tariflərin qarşılıqlı azaldılması və ticarət atəşkəsinin uzadılması Si Cinpin və Donald Tramp arasında bu ilin ikinci sammitinin əsas nəticələridir.