“Reuters” – Cənubi Koreya Şimali Koreya tərəfindən 10-dan çox ballistik raketin buraxılmasını pisləyib və hərbçilərə ABŞ ilə birgə hərbi təlimlər fonunda tam hazırlıq vəziyyətində olmalarını əmr edib
Cənubi Koreyanın Prezident Administrasiyası Şimali Koreya tərəfindən 10-dan çox qısa mənzilli ballistik raket buraxılmasını pisləyib və hərbçilərə ABŞ ilə davam edən birgə hərbi təlimlər fonunda tam hazırlıq vəziyyətində olmalarını əmr edib.
Məlumatı “Reuters” yayır.
Li Ce Mion administrasiyası raketlərin Pxenyan rayonundan Koreya yarımadasının şərqinə, dəniz istiqamətinə buraxılmasından sonra təhlükəsizlik məsələlərinə dair təcili iclas keçirildiyini bəyan edib. Görüşdə Müdafiə Nazirliyinin və hərbi qurumların nümayəndələri iştirak edirdilər.
“Ballistik raketlərin buraxılması BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozan ciddi əməldir” – Cənubi Koreyanın Prezident Administrasiyası bəyan edib və Şimali Koreyanı bu cür hərəkətləri dərhal dayandırmağa çağırıb.
Şimali Koreya tərəfindən ballistik raketin buraxılmasını Yaponiya hökuməti və Sahil Mühafizəsi də təsdiqləyib. Yaponiya mediasının məlumatına əsasən, raket Yaponiyanın xüsusi iqtisadi zonasından kənara, dənizə düşüb.