“Reuters” – Avropa İttifaqına üzv ölkələrin səfirləri Rusiyaya qarşı 21-ci sanksiyalar paketi barədə razılığa gələ bilməyiblər

22:17, 15.07.2026

 

Avropa İttifaqına üzv ölkələrin səfirləri Rusiyaya qarşı 21-ci sanksiyalar paketi barədə razılığa gələ bilməyiblər. Bu barədə məlumatı “Reuters” Avropa İttifaqının diplomatlarından birinə istinadən yayır.

Diplomat, səfirlərin Rusiya neftinə tətbiq edilən qiymət tavanının iyulun 23-dək dəyişməz qalması və bir barrel üçün 44.10 dollar təşkil etməsi barədə razılığa gəldiklərini bildirib. Bu müddət ərzində sanksiyaların 21-ci paketi üzrə danışıqlar davam etdiriləcək.

Litvanın xarici işlər naziri Kestutis Budris bildirib ki, Avropa İttifaqı ölkələri Rusiya üçün dəniz xidmətlərinin qadağan edilməsi və Rusiya mayeləşdirilmiş təbii qazına tətbiq olunan məhdudiyyətlərin daha da sərtləşdirilməsi məsələlərində hələ də razılığa gələ bilmirlər.

Bundan əvvəl Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaia Kalas üzv dövlətlərin bu geniş sanksiya paketi ilə bağlı razılığa gəlmədiyini bildirərək, məsələyə iyulun 15-də qayıdacaqlarını əlavə edib.

Məlumat üçün bildirək ki, Avropa İttifaqı yeni, 21-ci sanksiyalar paketini ilk dəfə iyun ayında təqdim edib. Paket Rusiya banklarına, kriptovalyuta şəbəkələrinə, dron istehsalı ilə bağlı sektora, eləcə də Rusiya nefti ilə ticarət edənlərə və neft emalı müəssisələrinə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur.

Oxşar