“Reuters” – aviaşirkət “Ryanair” Berlin bazasını bağlayır və uçuşları 50% azaldır
“Reuters” yazır ki, aviaşirkət “Ryanair” Berlin bazasını bağlayır və uçuşları 50% azaldır.
Avropanın ən iri aşağıbüdcəli aviaşirkətlərindən biri olan “Ryanair” bildirib ki, Berlində fəaliyyət göstərən bazasını bağlayacaq və qış mövsümündə Almaniya istiqamətində uçuşları 50% azaldacaq.
Şirkətin açıqlamasına görə, bu qərarın səbəbi artan rüsumlar və vergilərdir. Məlumata əsasən, Berlində yerləşən yeddi təyyarənin hamısı daha aşağı xərcli Avropa hava limanlarına – o cümlədən İsveç, Slovakiya, Albaniya və İtaliyaya köçürüləcək.
Bununla yanaşı, yayılan məlumata görə, Berlində çalışan pilotlar və bort bələdçiləri bazanın 24 oktyabrdan bağlanacağı barədə məlumatlandırılıb.
Aviaşirkət qeyd edib ki, bütün əməkdaşlara şirkətin Avropa şəbəkəsində alternativ iş imkanları təklif olunacaq. Bu fonda Almaniya hökuməti iyul ayından etibarən hava nəqliyyatı vergisinin azaldılması və 2024-cü ilin may səviyyəsinə qaytarılması planını təsdiqləyib.