"Reuters" - Amerikanın "ExxonMobil"i İraqda yerləşən neft yatağında rus şirkəti “Lukoil”in nəzarət paketini satın almaq istəyir
Amerikanın “ExxonMobil” şirkəti İraqda yerləşən neft yatağında rus şirkəti “Lukoil”in nəzarət paketini satın almaq istəyir. “Reuters” bu haqda məlumatı öz mənbələrinə istinadən yayır.
Medianın məlumatına əsasən, Amerika şirkətinin nümayəndələri İraq Neft Nazirliyinə artıq müvafiq təkliflərlə müraciət ediblər.
“ExxonMobil”in özündə yayılan məlumatları şərh etməkdən imtina ediblər, “Lukoil” isə agentliyin suallarını cavablandırmayıb.
Söhbət İraqda yerləşən “Qərbi Qurna-2” neft yatağından gedir, o, dünyada ən böyük yataqlardan biridir. Bu yataq rus şirkəti “Lukoil” üçün ən dəyərli xarici aktiv hesab olunur. O, Port Bəsrədən 65 kilometr məsafədə yerləşir. Bu neft yatağında gündə 480 min barrel qara qızıl hasil olunur.
Məlumat üçün bildirək ki, oktyabrın 22-də ABŞ iki ən böyük rus neft şirkəti “Lukoil” və “Rosneft”ə, eləcə də onların törəmə şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Daha sonra, ABŞ-nin Xəzinədarlıq Departamenti şirkətə xaricdə yerləşən aktivlərini satmaq üçün vaxt vermək məqsədilə “Lukoil” şirkətinə qarşı tətbiq edilən sanksiyaların qüvvəyə minmə müddətini dekabrın 13-nə qədər uzadıb.
Bundan əvvəl, daha bir Amerika şirkəti “Chevron”un “Lukoil”in xarici aktivlərini almaqda maraqlı olduğu barədə məlumatlar yayılırdı.