“Reuters” – Amerika Birləşmiş Ştatlarının Ədliyyə Departamenti öz hüquqşünaslarına Con Kennedinin qətli ilə bağlı çərşənbə axşamı ictimailəşdiriləcək qeydləri təcili şəkildə öyrənməyi tapşırır
Amerika Birləşmiş Ştatlarının Ədliyyə Departamenti milli təhlükəsizliyin həssas məsələləri üzərində işləyən hüquqşünaslarına sabiq prezident Con Kennedinin qətli ilə bağlı çərşənbə axşamı ictimailəşdiriləcək qeydləri təcili şəkildə öyrənməyi tapşırır. Bu haqda “Reuters” gördüyü elektron məktuba istinadən yazır.
Bazar ertəsi axşam göndərilən elektron məktuba əsasən, Milli Təhlükəsizlik Şöbəsinin yüksək vəzifəli əməkdaşı Kristofer Robinson bildirib ki, kəşfiyyat ofisinin əməliyyatlar bölməsində çalışan hər bir hüquqşünasa 400-dən 500-dək sənədi nəzərdən keçirmək tapşırılıb.
Robinson yoxlamanı başa çatdırmaq üçün çərşənbə axşamı günortanı son tarix təyin edib. Yoxlama Con Kennedinin, eləcə də Robert Kennedinin, Martin Lüter Kinqin və ola bilsin ki, başqalarının qətli ilə bağlı qeydlərə aiddir.
Yanvarda Donald Tramp Kennedinin qətli ilə bağlı sənədlərin 80 minə qədər səhifəsinin, eləcə də sabiq baş prokuror Robert Kennedinin və vətəndaş hüquqları müdafiəçisi Martin Lüter Kinqin qətlləri ilə bağlı hökumət qeydlərinin açıqlanmasına dair sərəncam verib.
Robinson bildirib ki, Federal Təhqiqat Bürosunun agentləri artıq bu sənədlərin bir hissəsini açıqlanma çərçivəsində yoxlayarkən nəzərdən keçiriblər.
“Reuters”in öz mənbəsinə istinadən yazdığı kimi, Federal Təhqiqat Bürosunun agentlərinə keçən həftə cari işlər üzrə işləri dayandırmaq və 1968-ci ildə Robert Kennedinin öldürülməsi ilə bağlı sənədləri öyrənmək tapşırılıb.
ABŞ-nin 35-ci prezidenti Con Kennedi 1963-cü ilin noyabrın 22-də Dallasda qətlə yetirilib. Tezliklə onun qətlində şübhəli bilinən keçmiş dəniz piyadası Li Harvi Osvald saxlanılıb. Qətldən iki gün sonra Osvald federal həbsxanaya aparılarkən yerli gecə klubunun sahibi Cek Rubi odlu silahla ona ölümcül xəsarət yetirib.
Con Kennedinin kiçik qardaşı, ABŞ-nin sabiq baş prokuroru, senator Robert Kennediyə gəlincə, 1968-ci ildə o, Demokratlar Partiyasından prezidentliyə namizədliyini irəli sürmüşdü, lakin iyunun 5-də Los-Ancelesdə seçki tədbirində o, ərəb mühacir Sirhan Sirhan tərəfindən qətlə yetirildi.
1969-cu ildə Sirhan qətlə görə edam cəzasına məhkum edildi, lakin 1972-ci ildə cəza ömürlük həbslə əvəz olundu.
Tramp Administrasiyasında Səhiyyə Departamentinin rəhbəri, öldürülən baş prokuror Robert Kennedinin oğlu Robert Kennedi 35-ci prezidentin qətli ilə Mərkəzi Kəşfiyyat Agentliyinin əlaqəsinin olduğunu iddia edir, agentlik bu iddianı qəti şəkildə rədd edir. O, həmçinin atasının qətlində bir deyil, bir neçə silahlının iştirak etdiyini iddia edir.