“Reuters” – “Almaniya üçün Alternativ” partiyasının üzvləri Almaniyanın Avropa İttifaqı və avrozonaya üzvlüyünə qarşı mövqenin dəyişdirilməsini dəstəkləyirlər
Ultrasağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının üzvləri Almaniyanın Avropa İttifaqı və avrozonaya üzvlüyü məsələsində partiyanın uzunmüddətli müxalif mövqeyinin dəyişdirilməsini dəstəkləyirlər. “Reuters”in məlumatına görə, bu barədə partiyanın strateji sənədində qeyd olunur.
Məlumatı ilk olaraq “Bild” nəşrinin yaydığı sənəddə Avropa İttifaqı və avrozonanı dərhal tərk etmək əvəzinə, onların hər ikisinin əsaslı şəkildə islah edilməsi nəzərdə tutulur.
Sənədə əsasən, bu cəhdlər uğursuz olarsa, partiya Almaniyanın Avropa İttifaqına üzvlüyü məsələsi ilə bağlı referendum keçirilməsini tələb etməlidir.
Bununla yanaşı, sənəd Avropa İttifaqının “suveren dövlətlər birliyinə” çevrilməsini, Brüsselin daxili siyasət məsələlərində rolunun məhdudlaşdırılmasını və miqrasiya, Avropa İttifaqının maliyyəsi və sosial siyasəti kimi məsələlərdə ölkələr üçün milli səviyyədə istisnaların tətbiq edilməsini nəzərdə tutur.
Medianın yazdığına görə, sənəd Avropa Parlamentində, Almaniya Bundestaqında və federal torpaqların parlamentlərində təmsil olunan AfD deputatları tərəfindən hazırlanıb və onun müzakirəsi ötən ay keçirilən görüşdə baş tutub.
Medianın məlumatına görə, partiyanın onillik siyasi platformasına dəyişikliklər gələn il keçirilməsi planlaşdırılan partiya qurultayında yekun olaraq təsdiqlənməlidir.