“Reuters” – Almaniya Avropa İttifaqının büdcəsinin 400 milyard avro azaldılmasını tələb edir
Almaniya Avropa İttifaqının büdcəsinin 400 milyard avro azaldılmasını tələb edir. Bu haqda “Reuters” yazır.
Avropa Komissiyası 2028-2034-cü illər üçün 2 trilyonluq büdcə müəyyən edib. Almaniya bu planı qeyri-real hesab edir.
“Avropa İttifaqının büdcəsi kimi tanıdığımız “İllik Maliyyə Çərçivəsi” 27 üzv ölkənin hamısının yekdil razılığını tələb edir. Avropa İttifaqının ən böyük töhfəçisi olan Almaniya növbəti yeddi ilin büdcəsinin miqyasından narahatdır, çünki bu rəqəm 2021-2027-ci illərin 1.3 trilyonluq büdcəsini əhəmiyyətli dərəcədə üstələyir” — “Reuters” yazır.
Medianın məlumatına əsasən, Berlində hesab edirlər ki, onların tələb etdiyi 400 milyardlıq ixtisardan sonra belə, gələcək illərin büdcəsi hazırkı ilə müqayisədə 27% çox olacaq və Almaniyanın illik töhfəsi 50 milyard avronu keçəcək.
Kansler Fridrix Merts üzv dövlətləri şərtləri elə bu il razılaşdırmağa çağırır ki, yeni büdcənin qüvvəyə minəcəyi 2028-ci ilin yanvarına qədər detalların planlaşdırılması üçün kifayət qədər vaxt qalsın. Həmçinin nəzərə alınmalıdır ki, 2027-ci ildə Fransa, Polşa və İtaliyada seçkilər keçiriləcək.