“Reuters” – ABŞ və İran danışıqlarçıları Nyu-Yorkda Hörmüz boğazının açılması və ABŞ blokadasının başa çatması haqqında mərhələli sazişi müzakirə edirlər
ABŞ və İran danışıqlarçıları Nyu-Yorkda Hörmüz boğazının açılması və ABŞ blokadasının başa çatması haqqında mərhələli sazişi müzakirə edirlər – bu barədə məlumatı “Reuters” yayır.
İki iranlı və iki qərb diplomatik mənbəyinə istinadən “Reuters” yazır ki, danışıqlar böyük maneə ilə qarşılaşır, çünki tərəflərdən heç biri öz təsir vasitələrindən ilk olaraq güzəştə getmək istəmir.
İranın yüksək rütbəli rəsmi şəxsi bildirib ki, çıxılmaz vəziyyətdən çıxışın ən real yolu mərhələli saziş olardı: İran Hörmüz boğazında gəmiçiliyə icazə verərdi, bunun müqabilində isə ABŞ iqtisadi blokadanı qaldırardı və Tehran, ola bilsin ki, dondurulmuş aktivlərinə çıxış əldə edərdi.
“Vəziyyətin nizama salınmasının yollarından biri böhranın mərhələli şəkildə həllidir. İlk addım blokadanın başa çatması və Hörmüz boğazının yenidən açılması olardı” – o, BMT Baş Assambleyası çərçivəsində keçirilən görüşdə qeyd edib.