“Reuters” – ABŞ Ukraynadan Avropaya Rusiya təbii qazının nəql olunduğu qaz kəmərinə nəzarəti təhvil verməsini tələb edir
ABŞ Ukraynadan Avropaya Rusiya təbii qazının nəql olunduğu qaz kəmərinə nəzarəti təhvil verməsini tələb edir. Bu barədə məlumatı “Reuters” yayır.
Medianın məlumatına əsasən, ABŞ bu tələbi Ukrayna ilə faydalı qazıntılarla bağlı yeni razılaşma variantının müzakirəsi çərçivəsində irəli sürüb.
Anonim mənbələrin məlumatına əsasən, Vaşinqton Kiyevdən tələb edib ki, Rusiyanın “Gazprom” şirkətinə məxsus qaz kəmərinə nəzarət ABŞ-nin Beynəlxalq Maliyyə Korporasiyasına (DFC) təhvil verilsin.
“Reuters”in məlumatına əsasən, Vaşinqton və Kiyev arasında ABŞ paytaxtında aprelin 11-də başlayan danışıqlar “antaqonist atmosferdə” gedir, bu isə ABŞ-nin “maksimalist” tələbləri ilə bağlıdır.
ABŞ Xəzinədarlıq Departamentinin nümayəndələri bu danışıqları “əsasən texniki xarakter daşıyır” adlandırıblar.
Bundan əvvəl Amerika mediası aprelin 11-i və 12-də Vaşinqtonda faydalı qazıntılar ətrafında saziş üzrə danışıqların aparılacağını yazmışdı.