“Reuters” – ABŞ ordusu İranla beşaylıq müharibə ərzində yüksək dəqiqlikli uzaq mənzilli raket ehtiyatını faktiki olaraq bitirib

19:53, 04.08.2026

 

“Reuters” agentliyi üç məlumatlı mənbəyə istinadən yazır ki, ABŞ ordusu İranla beşaylıq müharibə ərzində yüksək dəqiqlikli uzaq mənzilli raket ehtiyatını faktiki olaraq bitirib.

Mənbələrin verdiyi məlumata əsasən, söhbət ordunun taktiki raket sistemi ATACMS və yüksək dəqiqlikli zərbə raketi PrSM-dən gedir. İki mənbənin bəyanatına əsasən, ABŞ bu tipli silahların demək olar ki, bütün ehtiyatını artıq istifadə edib.

“Reuters” qeyd edir ki, dəyəri bir milyon dollardan çox olan bu uzaq mənzilli, yüksək dəqiqlikli raketlər ABŞ silahlanmasının mühüm hissəsidir və hədəflərə təhlükəsiz məsafədən dəqiq zərbə endirmək imkanı verir. Medianın məlumatına əsasən, ATACMS raketləri Ukrayna müharibəsində də mühüm rol oynayıb, PrSM isə ATACMS-i əvəz etməli olan daha yeni nəsil sistemdir.

Daha bir mənbənin məlumatına əsasən, Yaxın Şərqdəki Amerika qüvvələrinə rəhbərlik edən ABŞ Mərkəzi Komandanlığı müharibə başlamazdan əvvəl mövcud olan quru raketləri ehtiyatını demək olar ki, bitirib, lakin onu dünyanın digər bölgələrində yerləşən Amerika hərbi bazalarından doldura bilib.

Məqalədə sitat gətirilən bütün mənbələr “Reuters” ilə anonimlik şərti ilə danışıblar. Ağ Ev isə raket ehtiyatları ilə bağlı şərh tələbinə cavab olaraq Donald Trampın bəyanatını yayıb. Bəyanatda deyilir ki, ABŞ “dünyada hər kəsdən daha çox sursata sahibdir – ehtiyacımız olandan da çox”.

Oxşar