“Reuters” – ABŞ-nin müdafiə katibi yəmənli “Husi”lərə hücumun detallarını həyat yoldaşı, qardaşı və şəxsi vəkilinin üzv olduğu daha bir qrup söhbətində paylaşıb
ABŞ-nin müdafiə katibi Pit Heqset martda yəmənli “Husi”lərə qarşı edilmiş hücumun detallarını həyat yoldaşı, qardaşı və şəxsi vəkilinin üzv olduğu “Signal”ın daha bir qrup söhbətində paylaşıb – bu barədə “Reuters” agentliyinə anonim mənbə deyib. Mənbə ikinci qrup söhbətinə təxminən on nəfərin əlavə edildiyi barədə məlumat verib. Medianın qeyd etdiyi kimi, qrup söhbəti Heqsetin Pentaqonun rəhbəri vəzifəsinə namizədliyinin təsdiqi zamanı inzibati məsələləri müzakirə etmək üçün yaradılıb və hərbi planlaşdırma ilə bağlı olmayıb. Mənbə bildirib ki, qrup söhbətində hava zərbələrinin cədvəlinin təfərrüatları müzakirə olunurdu.
“Reuters”in yazdığı kimi, Pentaqonda çalışan yüksək rütbəli məmurlar son yeniliklərdən sonra Heqsetin vəzifəsini qoruyub saxlaya biləcəyinə şübhə edirlər. Bu məlumatlar fonunda Pentaqonun nümayəndəsi Şon Parnel bildirib ki, media öz məqaləsi üçün yeganə mənbə kimi narazı, sabiq əməkdaşların şikayətlərini böyük həvəslə qəbul edir.
Məlumat üçün bildirək ki, mart ayında “The Atlantic”in baş redaktoru Cefri Qoldberq milli təhlükəsizlik məsələləri üzrə Donald Trampın müşaviri Maikl Uoltsun onu səhvən Tramp administrasiyasının yüksək rütbəli məmurlarının Yəməndəki zərbələri müzakirə etdiyi “Signal” qrup söhbətinə əlavə etdiyini iddia etdiyi məqalə dərc etmişdi. Donald Tramp administrasiyasında qrup söhbətində heç bir məxfi məlumat olmadığını qeyd ediblər.