“Reuters” – ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib – bu barədə “Reuters” yazır.
“Reuters”in yazdığı kimi, ABŞ İran nefti və neft məhsullarının qeyri-qanuni ticarəti ilə məşğul olan təşkilatlara qarşı sanksiyalar tətbiq edib.
ABŞ Dövlət Departamentinin bəyanatında qeyd olunub ki, sanksiyalar Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və İranda yerləşən 7 təşkilata qarşı tətbiq edilib.
ABŞ dövlət katibi Marko Rubio qeyd edib ki, bu addım yüz milyonlarla dollar dəyərində olan İran neft məhsullarının dörd satıcısı və bir alıcısına qarşı yönəlib.
“Prezident özünün maksimum təzyiq kampaniyası çərçivəsində İranın neft və neft məhsullarının qeyri-qanuni ixracını, o cümlədən Çinə ixracını sıfıra endirməyə dair öhdəlik götürür” – Marko Rubio bildirib.
Məlumat üçün bildirək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların növbəti raundu mayın 3-də Romada keçiriləcək.