“Reuters”: ABŞ bu gün Omanda planlaşdırılan görüşdə İranla danışıqların nüvə proqramı, ballistik raketlər və regiondakı silahlı qruplara dəstək məsələlərini əhatə etməsini istəyir
İranın nüvə proqramı ilə bağlı bu gün Omanda İran və ABŞ arasında danışıqlar keçiriləcək.
“Reuters” agentliyinin yazdığına görə, hər iki tərəf Tehran və Vaşinqton arasında uzunmüddətli nüvə mübahisəsi ilə bağlı diplomatiyanın bərpasına hazır olduqlarını bəyan etsə də, ABŞ danışıqların İranın nüvə proqramını, ballistik raketlərini və regionda silahlı qruplaşmalara verdiyi dəstəyi də əhatə etməsini istəyir.
Danışıqlara bir neçə saat qalmış İranın dövlət televiziyası ölkənin ən müasir uzaqmənzilli ballistik raketlərindən biri olan Khorramshahr-4 raketinin “İnqilab Keşikçiləri”nə məxsus iri yeraltı raket komplekslərindən birində yerləşdirildiyini bildirib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai bildirib:
“Ümid edirik ki, Amerika tərəfi də bu prosesdə məsuliyyət, realizm və ciddilik nümayiş etdirəcək”.
Paralel olaraq, ABŞ Fars körfəzində hərbi-dəniz qüvvələrini gücləndirib. Donald Tramp bunu “kütləvi armada” adlandırıb. Ağ Evin mətbuat katibi Kerolayn Levitt jurnalistlərə açıqlamasında bildirib ki, Tramp İranla razılaşmanın mümkün olub-olmadığını müəyyənləşdirməyə çalışır.