Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında telefon danışığı olub
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
“Reuters”in Türkiyə prezident administrasiyasına istinadən verdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan telefon danışığında Ukrayna və Rusiya arasında bu ayın əvvəlində İstanbulda keçirilən danışıqlarda əldə olunan “müsbət impulsun” saxlanmasının bütün tərəflərin xeyrinə olacağını bildirib.
“Prezident Ərdoğan atəşkəs, humanitar dəhlizlərin effektiv işləməsi və təhlükəsiz evakuasiyanın vacibliyindən danışaraq, Türkiyənin hər kəsə zərər vuran hadisələrin axını dayandırmaq və davamlı sülhü təmin etmək üçün tədbirlər görməyə davam edəcəyini bildirib”, – Türkiyə prezident administrasiyasının bəyanatında deyilir.
Kreml Türkiyə və Rusiya prezidentlərinin telefon danışığına da münasibət bildirib. Rusiya mətbuatının məlumatına görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkə liderlərinin söhbətində Ukrayna məsələsinə toxunulduğunu təsdiqləyib və ətraflı məlumatın daha sonra Rusiya tərəfi tərəfindən veriləcəyini bildirib.