Rəcəb Tayyib Ərdoğanı və dini dəyərləri təhqir etmək ittihamı ilə türk komediyaçı barəsində qətimkan tədbiri olaraq həbs qərarı çıxarılıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və dini dəyərləri təhqir etmək ittihamı ilə türk komediyaçı Deniz Göktaş barəsində qətimkan tədbiri olaraq həbs qərarı çıxarılıb. Bu barədə məlumatı “Washington Post” yayır.
Medianın məlumatına əsasən, bir neçə gün əvvəl prokurorluq onun səhnədəki ifadələrinə görə istintaq başlatmışdı.
İstanbul Baş Prokurorluğunun məlumatına əsasən, istintaq bu həftənin əvvəlində, Göktaş tərəfindən sosial şəbəkələrdə yayılmış kontentdə “cinayət tərkibli ifadələr” aşkar edildikdən sonra başladılıb. Polis onu Türkiyəyə qayıdarkən İstanbul hava limanında saxlayıb.
Prokurorluğun məlumatına əsasən, Göktaş İstanbulda keçirilən və Ərdoğan, Quran və həbsdə olan İstanbul meri Ekrem İmamoğluna toxunduğu stend-ap çıxışı zamanı dini dəyərləri təhqir edib. Göktaşın vəkili Metin Aslanın bəyanatına əsasən, ittihamlar arasında prezidenti təhqir etmək də yer alır.
Polisə verdiyi ifadədə Göktaş ittihamları rədd edib. O, zarafatların nə dini dəyərlərə, nə də Qurana qarşı təhqir xarakteri daşıdığını deyib. Göktaş, Ərdoğandan “diktator” olaraq bəhs edilməsinin təhqir deyil, siyasi tərif olduğunu bildirib.