Rəcəb Tayyib Ərdoğan – NATO müttəfiqləri arasında müdafiə sənayesi istiqamətində heç bir məhdudiyyət olmamalıdır

17:25, 08.07.2026

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, NATO müttəfiqləri arasında müdafiə sahəsində, xüsusilə də müdafiə sənayesi istiqamətində heç bir məhdudiyyət olmamalıdır.

Ərdoğan bu barədə NATO sammitindəki çıxışı zamanı deyib.

Türkiyə Prezidenti həmçinin Ankaranın Avropa üçün nəzərdə tutulmuş bəzi müdafiə təşəbbüslərinə daxil edilməsini tələb edib. O qeyd edib ki, Avropa İttifaqına üzv olmayan ölkələrin müdafiə təşəbbüslərində iştirakına qoyulan məhdudiyyətlər alyans daxilində parçalanmaya yol açacaq.

“Müttəfiqlər arasında müdafiə sahəsində, xüsusən də müdafiə sənayesi istiqamətində mövcud olan məhdudiyyətlər aradan qaldırılmalıdır. Sağlam düşüncə və ağlabatanlığa əsaslanan əməkdaşlıq modeli tamamilə mümkündür. Avropa İttifaqına üzv olmayan müttəfiqlərin kənarda saxlanılması Avropada süni parçalanmaya yol açacaq” – Ərdoğan bildirib.

“Reuters”in yazdığı kimi, Türkiyə alyansda böyüklüyünə görə ikinci ordunun sahibidir və son illərdə silah istehsalı və ixracatında mühüm ölkələrdən birinə çevrilib. Ankara üzv ölkələrin yenidən silahlanması üçün kreditlərin ayrılmasını nəzərdə tutan SAFE proqramı da daxil olmaqla, Avropa İttifaqının təhlükəsizlik təşəbbüslərinə qoşulmaq istəyini dəfələrlə ifadə etsə də, siyasi fikir ayrılıqları səbəbindən indiyə qədər bu proseslərdən kənarda qalmaqdadır.

Oxşar