Rəcəb Tayyib Ərdoğan - Hörmüz boğazı böhranı göstərdi ki, türk dünyasını birləşdirən layihələr, xüsusilə də “Orta Dəhliz” uzun illər boyu prioritetimiz olacaq
Hörmüz boğazı ilə əlaqədar böhranın göstərdiyi kimi, türk dünyasını birləşdirən nəqliyyat layihələri, xüsusilə də “Orta Dəhliz” uzun illər boyu prioritetimiz olacaq – bu haqda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türk Dövlətləri Təşkilatı”nın qeyri-rəsmi zirvə toplantısında açıqlayıb.
Türkiyə Prezidenti yaxın ətrafdakı böhranların bir daha türk dünyasının həmrəyliyinin strateji dəyərini göstərdiyini bildirib.
“Geosiyasi çağırışlar qarşısında məsləhətləşmə mexanizmlərimizi və koordinasiyamızı gücləndirməliyik. Fələstin, Livan, İran, Ukrayna və bir çox digər ölkələrdəki böhranlar müdafiəmizi gücləndirməyin və sənaye sektorunda əməkdaşlığı artırmağın zəruriliyini göstərir. Türkiyə olaraq, təşkilatımızın üzvləri ilə yüksək texnologiyalara əsaslanan müdafiə sənayesində qazandığımız təcrübəni bölüşməyə hazırıq” – Ərdoğan qeyd edib.