Rəcəb Tayyib Ərdoğan – Gender neytral siyasətin zorla tətbiqinə və LGBT hərəkatlarına qarşı tədbirlər görəcəyik, heç bir güzəştə getməyəcəyik
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyə gender neytral siyasətin zorla tətbiqinə və LGBT hərəkatlarına qarşı tədbirlər görəcək. Ərdoğan bunu Ankarada keçirilən “Ailə, mədəniyyət və incəsənət” konfransında deyib.
Türkiyə prezidentinin sözlərinə görə, konfransda ailə institutunun üzləşdiyi çağırışlar müzakirə olunub.
“Biz gender neytral siyasətin zorla qəbul etdirilməsinə və LGBT hərəkatlarına qarşı tədbirlər görəcəyik, heç bir güzəştə yol verməyəcəyik,” – deyə Ərdoğan bildirib.
Türkiyə prezidentinin sözlərinə görə, ölkə hazırda demoqrafik böhranla üz-üzədir, çünki rəsmi məlumata əsasən, ötən illə müqayisədə doğum səviyyəsi bu il 1,48-ə düşüb. Ərdoğanın fikrincə, doğum səviyyəsinin azalması ölkənin gələcəyi üçün ciddi narahatlıq doğurur.