Rəcəb Tayyib Ərdoğan - Bölgədə qan axıdılmasını dayandırmaq istəyən bütün tərəfdaşlarımızın İstanbul prosesi ilə bağlı konstruktiv yanaşma göstərəcəyini gözləyirik
Rəcəb Tayyib Ərdoğan - Bölgədə qan axıdılmasını dayandırmaq istəyən bütün tərəfdaşlarımızın İstanbul prosesi ilə bağlı konstruktiv yanaşma göstərəcəyini gözləyirik

 

Bölgədə qan axıdılmasını dayandırmaq istəyən bütün tərəfdaşlarımızın İstanbul prosesi ilə bağlı konstruktiv yanaşma göstərəcəyini gözləyirik – bu haqda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı deyib.

“Bugünkü görüşlərdə İstanbul prosesinin praqmatik və nəticəyə yönəlmiş yanaşma ilə davam etdirilməsinin vacibliyini vurğuladıq. İnanırıq ki, kəskin problemləri həll edəcək daha əhatəli yanaşma ilə İstanbul prosesini yenidən aktivləşdirmək faydalı olacaq. Bölgədə qan axıdılmasını dayandırmaq istəyən bütün tərəfdaşlarımızın İstanbul prosesi ilə bağlı konstruktiv yanaşma göstərəcəyini gözləyirik. Lakin Türkiyə olaraq, atəşkəsi sürətləndirəcək və ədalətli, davamlı sülhün bərqərar olması üçün yol açacaq təklifləri Rusiya ilə müzakirə etməyə hər zaman hazırıq. Bu kontekstdə müttəfiqimiz Amerikanın prosesdə iştirakına əhəmiyyət veririk” – Türkiyə Prezidenti qeyd edib.

Öz növbəsində Ukrayna Prezidenti Türkiyəyə ölkənin müstəqilliyinə dəstəyə görə təşəkkür edib.

“Türkiyənin Rusiya ilə müharibə ilə bağlı prinsipial mövqeyi Ukrayna üçün çox vacibdir. Ukraynanın müstəqilliyi və suverenliyinə dəstəyə görə Türkiyəyə təşəkkür etmək istərdim. Biz türk diplomatiyasının gücünə və Moskvada başa düşülmə qabiliyyətinə inanırıq. Ümid edirik ki, ilin sonuna qədər məhbusların mübadiləsi bərpa olunacaq. Türkiyə bu baxımdan bizə böyük dəstək göstərir” – Volodimir Zelenski qeyd edib.