Rəcəb Tayyib Ərdoğan – Türkiyə və Avropa İttifaqı arasındakı münasibətlər blokun bəzi üzvlərinin dar gündəminin girovu olmamalıdır

22:16, 17.12.2024

 
Türkiyə və Avropa İttifaqı arasındakı münasibətlər blokun bəzi üzvlərinin dar gündəminin girovu olmamalıdır – bu haqda Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Komissiyasının Prezidenti Ursula fon der Laienlə görüş zamanı deyib.

Ərdoğan Avropa İttifaqına üzvlüyün “Türkiyə üçün strateji məqsəd” olaraq qaldığını, Türkiyənin Avropa İttifaqına üzv olmasının təkcə ölkənin özünə deyil, həm də bloka əhəmiyyətli faydalar gətirəcəyini bildirib.

Türkiyənin Prezidenti Avropa İttifaqının ölkənin üzvlük perspektivlərini “gücləndirəcək yeni baxış” təqdim edəcəyinə dair gözləntisini ifadə edib. Ərdoğan Avropa İttifaqı ilə daha güclü, institusional münasibətlərin zəruriliyini vurğulayıb və namizəd ölkə olaraq Türkiyənin bu məqsədə sadiq olduğunu əlavə edib. Türkiyə 1999-cu ildən Avropa İttifaqına namizəd ölkədir. Ölkənin üzvlük danışıqları 2005-ci ildə başlayıb, lakin Kipr məsələsi və bir neçə üzv ölkənin Türkiyənin üzvlüyünə siyasi müqavimətinə görə 2007-ci ildən dalana dirənib.

Oxşar